Reklam verin!
Şəms ELOktyabr 24, 2008 19:20

payiz

Sevgilim, bu şəhəri

tək Payızda sevə bildim...

 

Soyuq mərmərlər üstündə

tənha qərənfilləri

tərk edəndə,

 

Dağüstü parkda dayanıb

Xəzərimi seyr edəndə,

 

Narın-narın yağan yağış

göz yaşımı gizlədəndə,


Unudulmuş, dağıdılmış

Yaşıl teatr səhnəsində

aktrisalıq edəndə,

 

Keçərkən yanından

aparat dayanacağının

dəcəl uşaqlar kimi

dayanmadan “PA-PA-PA”-

deyə oxuyanda,

 

Əliağa Vahid bağında

cüt-cüt gəzən

sevgililəri görəndə,

 

Milli Park boyunca

dənizin neft qoxusun

hiss edəndə,

 

Sarı-qırmızılı

yarpaqları tapdayanda

çıxan xışıltılı səslərdən

həzz alanda,

 

Heç vaxt çıxmadığım

Qız qalasının hüznündə

sevə bildim...

 

Sevgilim, bu şəhəri
tək Payızda sevə bildim...

 

 

2008


Bookmark and Share
ŞeirlərŞərhlər(6)     Baxış sayı:81
Şəms ELOktyabr 6, 2008 23:10
mektub

Mən -

səhv ünvana göndərilmiş

bir məktubam...

 

Bu ünvanda oxunması

qeyri-mümkün

qarmaqarışıq əlifbam

tanınmadan

mənasına varılmadan

saralıram...

 

Ölməz ümid

bəlkə bir gün

dəli bir külək uçurdar

azadlığa qovuşaram...

ya da kimsə taleyimlə oyun oynar

bir sahildə

hansısa şüşə içində

tapılaram

oxunaram...

 

Mən -

səhv ünvana göndərilmiş

bir məktubam...

 

2008


Bookmark and Share
ŞeirlərŞərhlər(2)     Baxış sayı:77
Şəms ELOktyabr 6, 2008 22:29

Buludların ismarışı

yağan yağış...

bəzən xoş xəbər gətirər

bəzən də bir qara kağız...



Bookmark and Share
Sinədən 4 sətirŞərhlər(0)     Baxış sayı:33
Şəms ELOktyabr 2, 2008 19:57

Bir gün mütləq

mən Dənizlə görüşəcəm

sevgi dolu olacağıq

ikimiz də əvvəlkitək

və bu görüş

əbədi an olsa gərək...



Bookmark and Share
Sinədən 4 sətirŞərhlər(0)     Baxış sayı:38
Şəms ELOktyabr 1, 2008 11:33
qerenfil-karanfil

Yalanlar
acı təbəssümlər yaradar
Bəm-bəyaz qarlar altında
Məsum qərənfillər qalar...
Təəssüf ki,
hər gecənin ardınca
yenə səhər açılar
Qərənfillər bəzəməyə
donmuş, soyuq məzarları
məcburdurlar,
tənhalığa məhkumdurlar,
məmnundurlar...
 
2008 

Bookmark and Share
ŞeirlərŞərhlər(3)     Baxış sayı:60
Şəms ELAvqust 29, 2008 11:44

Mən – xoşbəxtlik dilənçisi

Yorulmadan dilənirəm

Elə çox şey istəmirəm,

Xırda-xuruş verin, yetər...



Bookmark and Share
Sinədən 4 sətirŞərhlər(0)     Baxış sayı:81
Şəms ELAvqust 16, 2008 12:18
Neçə Günəş doğacaq
Neçə dəniz dadacaq
xoşbəxtlik duyğusunu
bir tək Günəş
bir tək dənizçün doğar
Bu Günəşdə bu dənizin
xüsusi əmanəti var...


Bookmark and Share
Sinədən 4 sətirŞərhlər(4)     Baxış sayı:124
Şəms ELAvqust 15, 2008 21:44

Soyuqdur

iliklərimə işləyən

qaranlıqda azdıran

yaşatmayan

yoxluğu hiss etdirən

soyuq...


Səndədir,

səndəndir,

içindəkindədir

bu soyuq...

 

Mən də

səndə

içindəkində

bu soyuqdan

dona-dona

yaşamağa çalşıram...


Bookmark and Share
Sinədən 4 sətirŞərhlər(0)     Baxış sayı:69
Şəms ELİyun 13, 2008 23:25
pencere

Pəncərəsi qonşu evin həyətinə tərəf baxırdı. Uşaqlıqdan bəri bu evdə bir neçə ailənin yaşayıb, bir müddət sonra köçdüklərini görmüşdü. Bu ev lənətlənmişdi sanki... Hal-hazırdakı ailə isə bu evə illər əvvəl köçmüşdü. Cütlük idilər. İllərdir ailə qurduqlarına baxmayaraq övlad sahibi ola bilmədiklərini eşitmişdi. Yaşlarının bir xeyli olduğu da görünürdü.

Bir gün bütün məhəlləyə xoş xəbər yayıldı. Məlum cütlük ana və ata olmağa hazırlaşırdılar. Nəhayət ki, onlar da valideyn ola biləcəkdilər. Yəqin ki, bu anı bütün ömürləri boyu gözləmiş, bu anın gəlməsi üçün çoxlu dualar etmişdilər.

O da bu ailənin əvəzinə sevinirdi. Körpəyə onun ilk məhəbbətinin adını qoyduqlarını eşidəndə isə sevinci ikiqat oldu. Bu adın onun üçün xüsusi əhəmiyyəti var idi. Bu körpəni isə demək olar ki, heç görmürdü. Amma buna baxmayaraq onu çox sevirdi. Pəncərəsindən onun ağlamağına qulaq asar, məmnun olardı. 


İndi isə üstündən illər keçdikdən sonra qonşu evdə artıq iki uşaq böyüyürdü. Bəli, bu ailənin ikinci övladları da oldu. Pəncərəsindən gələn uşaq səsləri ona hüzur bəxş edirdi. Uşaqların dünyanın ən saf və maraqlı varlıqları olduqlarını düşünürdü. Onların incidilməsi isə onun üçün dözülməz idi. Qonşu evdəki uşaqlar böyüdükcə dəcəlləşir, müxtəlif şıltaqlıqlar edirdilər. İllər sonra övlad sahibi olmuş valideynlər isə nədənsə bu dəcəlliklərə dözmür, hər imkanda uşaqları döyürdülər. Hər dəfə pəncərədən uşaqların döyüldüyünü eşidəndə, möhkəm qışqırmaq və həmin naşükür valideynləri lənətləmək istəyirdi.

Döyülməyin necə utandırıcı bir şey olduğunu o çox yaxşı bilirdi. Axı o da uşaqlıqda dəfələrlə əhəmiyyətsiz şeylərə görə döyülmüşdü. Gündəliyində pis qiymət olanda, həyətdə bir az çox oynayanda, evdəki sərinkeşi bilmədən xarab edəndə, evdə təmizlik işləri görmək həvəsilə büllur qabları sındıranda, hətta yıxılıb harasınısa əzəndə o da döyülmüşdü. Hər dəfə pəncərədən gələn səslər onu keçmişini, o utandırıcı anları xatırlamağa məcbur edirdi. Üzülürdü...

Valideynlərin öz övladlarını belə rəhmsizcəsinə döyməsini anlamırdı. Bunu nə üçün etdiklərini düşünür və heç bir məna verə bilmirdi. Niyə onlar öz güclərini onlardan qat-qat zəif və ən əsası onların qanından, canından olan balaca körpələrin üzərində göstərirdilər? Bəlkə, bu həmin valideynlərin də uşaqlıqda döyüldüklərindən irəli gəlirdi? Uşaqlıqdan yığılmış kinlərini, zəiflik duyğularını indi özlərindən daha zəif olan varlıqlara qarşı tətbiq edirdilər? Həyatları boyu valideynlərindən asılı olan, özlərini onlardan zəif hiss edən insanlar, müstəqil həyata atıldıqları, ailə qurduqları və övlad sahibi olduqları zaman güclülük hissini dadmaqmı istəyirdilər? Bu istək gözlərini kormu edirdi? Balaca varlıqların gözlərindəki qorxu və utanc onlarda heç bir mərhəmət hissi oyatmırdımı?

Bu sualları düşündükcə, keçmişindəki döyülmə səhnələrini xatırlayır, özünün də valideynləri, qonşudakı ailə kimi ola biləcəyindən qorxurdu. Bunu istəmirdi, amma qorxurdu. Bəlkə də bu qorxu hissindən qurtulmaq üçün qərar verdi. O heç vaxt ana olmayacaqdı... 


Bookmark and Share
GündəlikŞərhlər(10)     Baxış sayı:194
Şəms ELİyun 13, 2008 21:08
sohbet

Gəl, söhbət edək, sevgilim

Qadın olmaqdan danışaq...

 

Bir az zarafatlaşaq

zarafatla da olsa

həqiqətlərdən danışaq...

 

Danışaq, həyatından

gəlib keçmiş

izləri silinməz olan

qadınlardan

bir anandan

bir bacından

iş yerində

avtobusda

rastlaşdığın

hərəsinin bir taleyi

qadınlardan,

bilmədiyin, görmədiyin

neçə-neçə həyat adlı

dramlardan...

 

Heç olmasa, söhbət edək

milyonların dramını

əks etdirən

qarşındakı mənciyəzdən,

kimsəyə məlum olmayan

bir az da əlimizdə olan

gələcəkdən...

 

2008 

 



Bookmark and Share
ŞeirlərŞərhlər(4)     Baxış sayı:177
Şəms ELİyun 13, 2008 19:00

Bu gün saçlarımı boyadım

artıq onlar sarı-qızılı xəzandır...

Gözlərimdən axan yaşlar

hər damlası bir xatirə,

yağışımdır...



Bookmark and Share
Sinədən 4 sətirŞərhlər(0)     Baxış sayı:62
Şəms ELİyun 13, 2008 12:50
biz gunesik

Bilirsən də biz Günəşik!

həm doğarıq

həm batarıq

doğuşumuz tək gözəldir

batışımız...

 

İstər canlı

istər cansız

hamısıyçün önəmlidir

varlığımız...

 

Üzməməli batışımız

çün, mütləq doğarıq

üzərinə

bizə möhtac olanların...

Bir təbəssüm

bəxş edərik

üzlərinə insanların

bu dünyanı sevdirərik...

 

Anladınmı,

biz necə də önəmliyik?

 

Hər doğuşun,

hər bir şüan

qədəmlərin mübarək! 

 

2008 

 

Bu gün doğum günü olan, çox sevdiyim rəfiqəm üçün... 


Bookmark and Share
ŞeirlərŞərhlər(1)     Baxış sayı:137
Şəms ELMay 30, 2008 20:25

evAtası maşını hər gün saxladığı yerdə saxladı və çörək almağa getdi. Heç anlamırdı atasını. Şəhərdə çörək satılan bu qədər yer varkən, hər gün işdən sonra buraya gəlir və evə çörəyi məhz buradan alır. Bu təbiidir, deyəcəksiniz, amma qəribə olan odur ki, bu çörək satılan yerdə hər zaman növbə olur. Hər on beş dəqiqədən bir sobadan isti çörək çıxarılır və növbədə duran alıcılara satılır. Elə isti-isti... Bu çörək fərqlidir, həm dadı, həm də keyfiyyəti digərlərindən fərqlənir. Məhz bu da atasına hər gün işdən sonra yorğun olmasına baxmayaraq səbirlə növbədə durmağa və çörək almağa stimul verir, yəqin ki...


Onun isə bir növ alın yazısıdır, atasını gözləmək. Hər dəfə atası bazarlıq üçün maşını yolun kənarında saxlayanda, illər boyu gözləyəcəkmiş kimi bir sıxıntı hiss edir. Atası əli dolu qayıdanda isə, üzündə hiss olunmasa da, məmnunluq hissi bürüyür onu.   

Atası növbədə isti çörəklərin sobadan çıxmasını gözləyir, o isə telefonundakı, yenicə kəşf etdiyi həzin bir mahnıya qulaq asır. Gözünü isə yenə də çörək satılan yerin düz yanındakı o evə zilləyib. Bu ev həmişə ona tərk edilmiş, içində ruhlar yaşayan bir ev təsiri bağışlayıb. Kinolarda görmüşdü belə evləri. Həm də bu evin onun olmasını istəyirdi. Bu evlə bağlı o qədər xəyallar qurmuşdu ki... Yenə xəyallara dalıb, sevgilisi ilə bu evdə necə xoşbəxt yaşadıqlarını təsəvvür edirdi ki, evin qarşısındakı ağacların yarpaqlarını yolan dəli külək ayıltdı onu. Yenə darıxdığını hiss etdi. İçindəki boşluq yenə incitməyə başladı. Son günlər belə hala tez-tez düşürdü. Birdən darıxır, ağlamaq istəyirdi. Aylar sonra ayrılığın acısını, xatirələr qarşısında acizliyini hiss edirdi.

Nəhayət, atası əlində isti çörəklər maşına qayıtdı. Bu gün çörəyi hər dəfəkindən bir ədəd artıq almışdı. Bu diqqətini çəksə də əhəmiyyət vermədi. Bir az yol getmişdilər ki, atası maşını saxladı. Maşından düşdü, arxa qapını açıb çörəkdən birini götürdü və yolun kənarında duran yaşlı, dilənçi qadına verdi. Atasının bu hərəkətini görüb zəhmli görünüşün altında yatan mülayim insanın qızı olmaqdan məmnun oldu.

Radioda isə hər axşamüstü olduğu kimi həzin musiqilər səslənirdi. Musiqiyə qulaq asa-asa pəncərədən bayıra baxır, bir zamanar sevdiyi insanı xüsusi doğmalıq və nəvazişlə xatılayırdı.. Evə çatmağa az qalmışdı ki, radioda “Təhminə” filmindən bir fraqment səsləndi. Təhminəyə hər zaman bir yerdə olacaqlarını deyən Zaura Təhminənin cavabı belə oldu: “-Hə, ələbəttə. Amma bilirsən, həyatdır, hər şey ola bilər. Yəqin ki, sənin də qarşına başqa qadınlar çıxacaq...”

Ağlaya bilmədi, atası yanında idi, irəlidə isə anasının üzünə gülümsəməli və nənəsi ilə zarafatlaşmalı idi...


Bookmark and Share
GündəlikŞərhlər(4)     Baxış sayı:191
Şəms ELMay 24, 2008 21:04
beyaz

Mən-iki nəfərin
iki azad nəfəsindən
doğulmuşam...
Başımda da
bir azadlıq havası var,
azadlığım bəyaz rəngdə
ya uçacam səmalara
ya hopacam torpaqlara
üzərimdə bəyazımla...
 
2008 

Bookmark and Share
ŞeirlərŞərhlər(1)     Baxış sayı:188
Şəms ELMay 20, 2008 21:53

Evlərin bacalarından çıxan tüstülər

yaşananları əks etdirər

göydə qurar bir-birindən

daha gözəl, daha ehtiraslı

səhnələr...

Hər bir kimsəsizin

həsədlə izlədiyi

özünü görmək istədiyi

nağıllardır bu səhnələr...



Bookmark and Share
Sinədən 4 sətirŞərhlər(0)     Baxış sayı:62
Şəms ELMay 11, 2008 21:29
gedek

Gəl, qaçaq, sevgilim

bu şəhərdən

az da olsa uzaqlara...

 

Bəlkə yaşıl yamaclara

bəlkə də qum səhralara

təki qaçaq

bu şəhərdən

az da olsa uzaqlara...

 

İnsanlardan

üsyanlardan

riyalardan qaçıb gedək

qəfəsləri qırıb gedək

uçub gedək röyalara...

bu şəhərdən

az da olsa uzaqlara...

 

Demirəm ki, Aya gedək

başqa-başqa diyarlara

gedək bəyaz saraylara

gedək, canım

bu mühitdən

bu şəhərdən

az da olsa uzaqlara...

 

2008 


Bookmark and Share
ŞeirlərŞərhlər(9)     Baxış sayı:269
Şəms ELMay 1, 2008 21:12
sondurecek

Bu küləyin dəliliyi

məni də dəli edəcək...

 

addım-addım

gəzə-gəzə bu şəhəri

hər işıq yanan evləri

o gələcək...

dəlicəsinə əsəcək

mənə məlhəm gətirəcək

səndən sonra

səndən qalma

ağrılarımı kəsəcək...

 

bir şən nəğmə söyləyəcək

o mənimlə rəqs edəcək

və işığı söndürəcək...


Bookmark and Share
ŞeirlərŞərhlər(8)     Baxış sayı:192
Şəms ELAprel 25, 2008 19:32
kulek

Küləklər şəhərində

kimsənin qədərində

tənhalıq olmaz...

Tək qalmağa

darıxmağa

külək qoymaz...

 

Külək gedər,

yağış yağar...

ondan sonra qalanları

məharətlə

qara torpağa hopdurar

unutdurar...

 

Və beləcə

üç almasız

bitər bir sevda nağılı...

 

2008 


Bookmark and Share
ŞeirlərŞərhlər(4)     Baxış sayı:195
Şəms ELAprel 25, 2008 17:42
qinayir

Bilirsənmi, sevgilim..?!

Marşrut avtobusunda

axşam evinə qayıdan

üzlərindən qayğı yağan

insanlar var, bu şəhərdə.

 

Hərəsinin bir dərdi,

mane olur

həzz almağa

şəhərin axşam görüntüsündən...

 

Biri həyatla,

biri saatla

qaçdı-tutdu oynayır

biri həyatı

biri saatı

qınayır

qınayır

qınayır...

 

2008 


Bookmark and Share
ŞeirlərŞərhlər(4)     Baxış sayı:205
Şəms ELAprel 15, 2008 21:59

Mən yaz oldum
gəlişimlə qışı qovdum
oyatmaqçün yuxusundan
sevgilimi,
isitməkçün ürəyini
nəfəsimdən bəstələnmiş
öz şah nəğməmi oxudum...



Bookmark and Share
Sinədən 4 sətirŞərhlər(0)     Baxış sayı:71
Şəms ELMart 30, 2008 1:41
acmisam

Günlərlə ac qalmış uşağın

yemək gördüyü zaman,

gözlərini yeməyə zillədiyi kimi

zilləmişəm gözlərimi yollarına...

Acmışam, anlayırsanmı?

Nəfəsini,

gözlərini,

əllərini,

varlığını

dadmaq istəyirəm doyunca

sonra da axıb getmək

evimizin arxasından

sakit axan

çay boyunca...

 

2008 


Bookmark and Share
ŞeirlərŞərhlər(8)     Baxış sayı:301
Şəms ELMart 8, 2008 20:40
...Mən anlayıram ki, bu gün bütün günü dörd divar arasında oturub, övladlarının tərbiyəsi ilə məşğul olan, ərinin göstərişlərini yerinə yetirən qadın üçün kiçik ümid, sevinc mənbəyidir, amma bu ümid də, sevinc də sabundan əmələ gəlmiş kürəciklər kimi yox olub gedir tez bir zamanda...

Əslində bu tarixdə nələrin baş verdiyi və bu tarixin niyə təqvimə qırmızı rəngdə qeyd olunduğu məni indi o qədər də maraqlandırmır. Mənim üçün problem obyekti bizim qadınlarımızdır. Daha doğrusu qadınlarımıza qarşı münasibət və qadınlarımızın buna reaksiyasıdır.

Beynəlxalq Qadınlar günü. Həqiqətənmi bu gün beynəlxalqdır? Bütün dünyamı bunu qeyd edir? Yoxsa ancaq Sovet qalığı sayılan dövlətlərdədir bu günün belə təmtəraqlı qeyd olunuşu?

Keçən ilə qədər mən də müəyyən mənada qeyd edirdim bu günü. Ən azından ailəmizdəki qadınlara hədiyyələr alır və təbrik sözləri deyirdim. Bu il isə bunun heç birini etmədim. İndi bu bayrama qarşı ikrah hissi duyuram. Niyə, deyə maraqlanırsınızsa, ardını oxuyun.

Düşünək. Bir qadına məhz onun qadın olduğu üçün hədiyyə alıb vermək, təbrik etmək nə qədər məntiqlidir? Bütün il boyu qadınından diqqət, anlayış, xoş sözlər, hətta adi təbəssümü belə əsirgəyən kişi, ilin məhz bu günü “qonşudan qalma geri” prinsipi ilə qadınına hədiyyə alır və onu təbrik edir. Səbəb? Onun qadın olduğunu xatırlayıb. Necə də gülüncdür, deyilmi?

Niyə qadınar hər zaman haqları olan qayğı və diqqəti, anlayış və təbəssümü ancaq ilin bir günündə əldə edə bilirlər? Niyə qızına hər zaman məhdudiyyətlər qoyan ata, ona məhz 8 Mart`da rəfiqələri ilə görüşüb əylənməyə icazə verir? Niyə qadınlarımız dilənçi sayağı 8 Mart`da hər kəsdən hədiyyə gözləyirlər? Bu ki, iyrəncdir.

Problemin ən acınacaqlı tərəfi də budur ki, qadınlarımız bunu qəbul edir və bu günü sevirlər. Səbirsizliklə, 8 Mart`ın gəlməsini və sədəqə yağışına tutulmağı gözləyirlər. Bununla kifayətlənməyib öz həmcinslərini də təbrik edirlər. Axı bütün bir cinsin bayramının olması belə məntiqsizdir. O zaman Beynəlxalq kişilər günü niyə yoxdur? Onların ki sayı qadınlardan daha azdır...

Mən anlayıram ki, bu gün bütün günü dörd divar arasında oturub, övladlarının tərbiyəsi ilə məşğul olan, ərinin göstərişlərini yerinə yetirən qadın üçün kiçik ümid, sevinc mənbəyidir, amma bu ümid də, sevinc də sabundan əmələ gəlmiş kürəciklər kimi yox olub gedir tez bir zamanda...

Qısacası 8 Mart`ı da bayağılaşdırmışıq. Bu gün “Analar günü”, “Kosmonavt qadınlar günü”, “Hərbçi qadınlar günü” və ya istənilən peşə sahibi qadınlar günü kimi qeyd olunsa idi daha məntiqli olardı, zənnimcə. Uzaq başı qadınların hüquq bərabərliyi günü kimi qeyd olunsaydı və qadınlar ildə bircə dəfə də olsa öz hüquqları barədə düşünsəydilər, daha faydalı olardı... Ən azından insanları təkcə sahib olduqları cinsiyyətə görə deyil, qazandıqları nailiyyətə görə təbrik etmək kimi bir səbəbimiz olardı...


Bookmark and Share
AktualŞərhlər(7)     Baxış sayı:341
Şəms ELMart 4, 2008 20:58
zeher

Heç yoxsul oldunmu, sevgilim?
Heç ac yatdınmı?
Ya paltarına yamaq necə,
vurdumu anan hər gecə?
Heç döyüldünmü, söyüldünmü
günahın olmadan?
Heç fəhləlik etdinmi,
daş daşıdınmı?
Heç maşın yudunmu
kinayəli baxışı altında
maşın sahiblərinin?
Heç nifrət etdinmi
həyata gəlişinə
səbəb olan adamdan?
Heç keçdimi ürəyindən
səmimi bir ölüm arzusu?
Heç baxdınmı gözlərimə
gördünmü məndəki mən`i?
Heç sevdinmi qəlbimdəki
acı zəhəri?
Yoxsa, qorxdunmu
zəhərlərəm, deyə səni...
 
2008 

Bookmark and Share
ŞeirlərŞərhlər(3)     Baxış sayı:288
Şəms ELMart 3, 2008 12:09
isteyirem

Qaçmaq istəyirəm, sevgilim <