Pəncərəsi qonşu evin həyətinə tərəf baxırdı. Uşaqlıqdan bəri bu evdə bir neçə ailənin yaşayıb, bir müddət sonra köçdüklərini görmüşdü. Bu ev lənətlənmişdi sanki... Hal-hazırdakı ailə isə bu evə illər əvvəl köçmüşdü. Cütlük idilər. İllərdir ailə qurduqlarına baxmayaraq övlad sahibi ola bilmədiklərini eşitmişdi. Yaşlarının bir xeyli olduğu da görünürdü.
Bir gün bütün məhəlləyə xoş xəbər yayıldı. Məlum cütlük ana və ata olmağa hazırlaşırdılar. Nəhayət ki, onlar da valideyn ola biləcəkdilər. Yəqin ki, bu anı bütün ömürləri boyu gözləmiş, bu anın gəlməsi üçün çoxlu dualar etmişdilər.
O da bu ailənin əvəzinə sevinirdi. Körpəyə onun ilk məhəbbətinin adını qoyduqlarını eşidəndə isə sevinci ikiqat oldu. Bu adın onun üçün xüsusi əhəmiyyəti var idi. Bu körpəni isə demək olar ki, heç görmürdü. Amma buna baxmayaraq onu çox sevirdi. Pəncərəsindən onun ağlamağına qulaq asar, məmnun olardı.
İndi isə üstündən illər keçdikdən sonra qonşu evdə artıq iki uşaq böyüyürdü. Bəli, bu ailənin ikinci övladları da oldu. Pəncərəsindən gələn uşaq səsləri ona hüzur bəxş edirdi. Uşaqların dünyanın ən saf və maraqlı varlıqları olduqlarını düşünürdü. Onların incidilməsi isə onun üçün dözülməz idi. Qonşu evdəki uşaqlar böyüdükcə dəcəlləşir, müxtəlif şıltaqlıqlar edirdilər. İllər sonra övlad sahibi olmuş valideynlər isə nədənsə bu dəcəlliklərə dözmür, hər imkanda uşaqları döyürdülər. Hər dəfə pəncərədən uşaqların döyüldüyünü eşidəndə, möhkəm qışqırmaq və həmin naşükür valideynləri lənətləmək istəyirdi.
Döyülməyin necə utandırıcı bir şey olduğunu o çox yaxşı bilirdi. Axı o da uşaqlıqda dəfələrlə əhəmiyyətsiz şeylərə görə döyülmüşdü. Gündəliyində pis qiymət olanda, həyətdə bir az çox oynayanda, evdəki sərinkeşi bilmədən xarab edəndə, evdə təmizlik işləri görmək həvəsilə büllur qabları sındıranda, hətta yıxılıb harasınısa əzəndə o da döyülmüşdü. Hər dəfə pəncərədən gələn səslər onu keçmişini, o utandırıcı anları xatırlamağa məcbur edirdi. Üzülürdü...
Valideynlərin öz övladlarını belə rəhmsizcəsinə döyməsini anlamırdı. Bunu nə üçün etdiklərini düşünür və heç bir məna verə bilmirdi. Niyə onlar öz güclərini onlardan qat-qat zəif və ən əsası onların qanından, canından olan balaca körpələrin üzərində göstərirdilər? Bəlkə, bu həmin valideynlərin də uşaqlıqda döyüldüklərindən irəli gəlirdi? Uşaqlıqdan yığılmış kinlərini, zəiflik duyğularını indi özlərindən daha zəif olan varlıqlara qarşı tətbiq edirdilər? Həyatları boyu valideynlərindən asılı olan, özlərini onlardan zəif hiss edən insanlar, müstəqil həyata atıldıqları, ailə qurduqları və övlad sahibi olduqları zaman güclülük hissini dadmaqmı istəyirdilər? Bu istək gözlərini kormu edirdi? Balaca varlıqların gözlərindəki qorxu və utanc onlarda heç bir mərhəmət hissi oyatmırdımı?
Bu sualları düşündükcə, keçmişindəki döyülmə səhnələrini xatırlayır, özünün də valideynləri, qonşudakı ailə kimi ola biləcəyindən qorxurdu. Bunu istəmirdi, amma qorxurdu. Bəlkə də bu qorxu hissindən qurtulmaq üçün qərar verdi. O heç vaxt ana olmayacaqdı...

salamlar əziz soydaşım.
Gözəl və dəyərli bloqunuz vardır.
sizi dost bloqlarıma artdırdım. mənə də bir baş vursanız minnətdar olaram.
http://www.arazoglu.azeriblog.com/
yolunuz davamlı və uğurlu olsun.
İyun 28, 2008 10:47